12 Ağustos 2017 Cumartesi

Elektronun kəşfi

loading...
        Elektromaqnetizmin inkişaf etməsinə baxmayaraq, o dövrdə elektrik cərəyanı axan
zaman hərəkət edən substansiyanın (yəni cərəyanın yaranmasına səbəb olan hissəciklərin) fiziki təbiəti elm aləminə aydın deyildi. Bunun cavabı, yalnız Faradey tərəfindən 1833-cü ildə elektroliz qanunları kəşf edildikdən sonra, verildi.                 

        Apardığı təcrübələr nəticəsində Faradey məhlulda molekulun dissosiasiyasını (yəni parçalanmasını) müşahidə edir və bu hadisəni izah etmək üçün (yəni parçalanma zamanı yaranan “yüklü” zərrəcikləri təsvir etmək üçün), o elmə “ion” (hərfi tərcümədə “səyyah”, “yolçu”, “qərib” mənasını verir) terminini gətirir. Faradey dissosiasiya hadisəsi zamanı aşağıdakı qanunauyğunluğu görür:
birvalentli ionlardan ibarət müxtəlif maddələrin məhlullarından eyni miqdarda “Faradey ədədi” adlanan qədər (yəni F=96485 Kl/mol ) elektrik yükü buraxdıqda, elektrodlarda həmin maddənin
ionlarının 1 qram-atomuna bərabər maddə ayrılır. İkivalentli ionlardan ibarət məhluldan cərəyan buraxdıqda - 2 qram-atom kütləli, üçvalentli ionlardan ibarət məhluldan cərəyan buraxdıqda isə 3 qramatom kütləli maddə ayrıldığı müəyyən edilir. Digər tərəfdən, yəni Avoqadro qanunundan bilirik ki, ixtiyari maddənin 1 qram-atomunda Avoqadro ədədi NA qədər zərrəcik olur. Deyilənlərdən o alınınr ki, 1 qram-atomla daşınan bütün yüklər, bütün zərrəciklər arasında bərabər paylanır. Ona görə də, birvalentli ionla daşınan yük e =1,602
10-19 Kl , ikivalentli ionla daşınan yük 2e, üçvalentli ionla daşınan yük 3e və s. olacaq. Bu deyilənlərdən o nəticə alınır ki, elektrik yükü diskret qiymətlərlə xarakterizə olunur. 

        1891-ci ildə Stoninin təklifi ilə elektrik yükü “elektron” adlandırıldı. O dövrdə elektron
termini bizim təsəvvür etdiyimiz zərrəcik mənasında işlənmirdi; bu terminlə birvalentli ionun daşıya bildiyi elementar elektrik yük təsvir edilirdi. Elektronun zərrəcik olması, kütləyə və yükə malik olması isə daha sonralar, xüsusilə də Tomson tərəfindən aparılan təcrübələrdən aydın olur. Öz təcrübələrini şərh edən Tomson yazırdı: “Mən başa düşə bilmirəm, bu nə zərrəciklərdir: atomlardır, yoxsa molekullar; bəlkə materiya daha incə bölgüyə malikdir?” Bu sualların cavabını tapmaq üçün o, 1897-ci ilin aprel ayının 30- da apardığı fundamental təcrübəsində bu zərrəciklərin mənfi yüklü olduğunu görür və onların kütləsini müəyyən edir (me = 9,1110-28 q). Tomson tərəfindən bu mənfi zərrəciklərin “korpuskullar” adlandırılmasına baxmayaraq, böyük əksəriyyətin gəldiyi qənaətə görə mənfi zərrəciklər sonradan elektron adlandırıldı. Ona görə də bu təcrübənin aparıldığı tarix (30 aprel 1897-ci il) fizika tarixinə elektronun doğum günü kimi yazıldı. 
        Sizlərə onu da bildirmək istəyirəm ki, Tomsondan əvvəl alman fiziki Kaufman da Tomsonun aldığı nəticələri almışdır. Lakin o bu nəticələrə fəlsəfi yanaşaraq, o qədər də əhəmiyyət verməmişdi. Çünki o daha kiçik zərrəciklərin – submikron zərrəciyinin mövcud olma faktını heç cürə qəbul edə bilmirdi. Onun fikrincə təbiətdə mövcud olan ən kiçik zərrəcik atomdur və o bölünməzdir. Ona görə də bu kəşf tarixə Tomsonun adı ilə düşmüşdü.

Hiç yorum yok:

Yorum Gönder