11 Ağustos 2017 Cuma

Qlobus nə vaxt və kim tərəfindən yaranıb?

loading...
         Qədim yazıçıların əsərlərində qeyd olunur ki, qədim yunan filosofu, Aristotelin davamçısı, Perqam kitabxanasının mühafizəçisi Maloslu Kratos hələ eramızdan əvvəl II əsrdə kürə şəklində yerin modelini hazırlamışdır.
          Yerin bu modeli və ya bu cür hər hansı bir model bizim dövrümüzə gəlib çatmasa da, onu görənlər belə nəql etmişlər ki, Kratos hazırladığı kürənin üzərində böyük bir quru hissə çəkmiş, onu kəsişən çaylar vasitəsilə hissələrə bölmüşdür, çayları Kratos okean adlandırırmış. Bu qlobus bizim zəmanəmizə gəlib çatmadığından onun haqqında dəqiq bir söz demək mümkün deyil.
          Bu səbəbdən də ilk  alman coğrafiyaşunası, səyyahı və riyaziyyatçısı olan
Martin Behaymın 1492-ci ildə hazırladığı, diametri 54 sm olan kürəşəkilli “Yer modeli”  ilk və ən qədim qlobus hesab edilir. Bu qlobus dövrümüzədək gəlib çatmış və hal-hazırda Nürnberq şəhər muzeyində saxlanılır.     
M. Behaym hazırladığı kürəni – “Yer alma üzərində” adlandırmışdır. “Qlobus” -  latın sözüdür. “Globus” – “kürə” mənasını daşıyır. Yer kürəsinin modelləri sonralar “qlobus” adlandırılmışdır. Coğrafiyaşunasların düşüncəsində Yer kürəsinin dəqiq modeli Amerika qitəsinin kəşfi ərəfələrində formalaşmışdır. Bu isə eramızın II əsrində yaşamış qədin yunan alimi Ptolomeyin hazırladığı xəritədən götürülmüşdür.
          Yer kürəsi haqqında dəqiq təsəvvür yaradan qlobuslar orta əsrlərdə çox dəbdə olmuşdur. Hər bir monarxın xüsusi ayrılmış otağında, kabinetlərdə, alimlərin iş otaqlarında, dənizçilərdə və zadəgan evlərində qlobusa rast gəlmək mümkün idi. Bu bir növ ziyalılıq simvolu hesab edilirdi.
          O dövrlər holland qlobusları daha çox dəbdə idi. Bu qlobusları Amsterdam ustaları hazırlayırdı. İlk qlobuslardan ən məşhuru alman alimi Adam Olşlehelin 1664-cü ildə hazırladığı “Qottorp qlobusu” hesab edilir. Qlobusun diametri 311 sm olmuşdur və 1713-cü ildə imperator I Pyotra hədiyyə edilmişdir. Bu nəhəng qlobusun içərisində planetari düzəldilmişdir.
          İndiki, müasır qlobuslar sözsüz ki, coğrafi baxımdan ilk qlobuslardan çox fərqlənir. Çünki əvvəlki qlobuslarda o dövrlərdə kəşf olunmamış ərazilər, adalar göstərilmirdi. İndiki
qlobuslarda isə hər bir ərazi dəqiqliyi ilə göstərilir. Müasir dövrümüzdə qlobuslar daha çox  təhsil ocaqlarında əyani bir vəsait kimi istifadə olunur.

 

Hiç yorum yok:

Yorum Gönder