7 Ağustos 2017 Pazartesi

Şahmat nə vaxt, necə yaranıb?

loading...
        İnsanlar tərəfindən icad olunan oyunların içərisində elə bir oyun var ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Yəqin ki, söhbətin şahmatdan getdiyini duydunuz. Bəs şahmat nə vaxt və necə yaranıb?
        Şahmat oyunu 
1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb.
Rəvayətə görə hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı – ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün?
        Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: Nə arzun varsa, de, yerinə yetirim. Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4, dördüncü xana üçün 256 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir.
        İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır. Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə... 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır.
       İndi isə şahmat oyunu və fiqurları haqda danışaq. Bu döyüş meydanında bir-birinə qarşı ağ və qara fiqurların orduları düzülür. Oyunçular isə bu orduların komandirləridir.
       Hər qoşunun tərkibinə 16 döyüşçü daxildir. Bunlar şah, vəzir, 2 top, 2 fil, 2 at, və 8 piyadadır. Döyüş meydanının künclərinə toplar, onların yanına atlar, fillər düzülür. Şah və vəzir fiqurların tən ortasında qərar tutur. Ağ vəzir ağ xanada, qara vəzir isə müvafiq olaraq qara damada mövqe tutur. Bu fiqurların qabağında isə bütün cərgə boyu piyadalar düzülür.
       Oyuna ilk olaraq ağ fiqurlar başlayır, qaralar cavab gedişi edirlər. Oyun bu minvalla növbə ilə davam edir. Hər fiqurun özünə məxsus gedişi var. Vəzir ən güclü fiqur hesab edilir. Ondan sonrakı ən güclü fiqur topdur. Fil və at mövqedən aslı olaraq təxminən bərabər gücə malikdirlər. Şahmatda ən zəif fiqur piyadadır. Digər fiqurlar həm irəliyə, həm də geriyə hərəkət edə bildikləri halda, piyada yalnız irəli gedə bilər. Özü də yalnız bir xana. Amma əgər piyada düşmən mövqeyinin son xanasına gedib çıxarsa, şahdan başqa istənilən fiqura çevrilə bilər. Bu döyüşdə əsas fiqur isə əlbəttə ki, şahdır. Buna görə də təəbələri onu daim qorumalı və təhlükəsizliyini nəzarət altında saxlamalıdırlar. Əgər şah qoruna və ya qaça bilmirsə, oyun uduzulmuş sayılır. Necə deyərlər, “şah” və “mat”.




Hiç yorum yok:

Yorum Gönder