13 Eylül 2017 Çarşamba

Səsyazma tarixindən

loading...
fonoqraf         Azərbaycan  Respublikası  Dövlət  Səs Yazıları  Arxivinin  fondlarında  1902 - 1914- cü illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən səsyazma şirkətləri tərəfindən Azərbaycanın klassik xanəndələrinin  səsləri yazılmış 1600- ə qədər nadir qrammofon valları mühafizə edilir. Bu valların köçürülməsi, bərpası və elektron variantda sığorta nüsxələrini hazırlamaqdan ötrü onlara uyğun avadanlıqların olması çox vacibdir . XIX yüzilliyin ikinci yarısından başlayaraq istehsal edilmiş belə cihazların nümunələri arxivdə  saxlanılır və iş prosesində onlardan geniş istifadə edilir.
            Qədim  dövrlərdə  insanların  yaratdığı tarixi   abidələr  - qayaüstü  rəsmlər, papirus, perqament  və  daş  üzərində  olan  kitabələr  bu günə  qədər  yaşamaqdadır.  Bu  tarixi  abidələri mühafizə  etməyə  çalışan  insanlar  öz  canlı səslərinin  saxlanılması  haqqında  uzun  müddət  heç fikirləşməmiş  və  yaxud  bunu  qeyri – mümkün  hesab  etmişlər.

          Orta  əsrlərdə  sənətkarlığın  və  texnikanın  inkişafı  nəticəsində  bir  sıra  ixtiralar meydana  çıxır. Bununla  yanaşı  bərabər  olaraq  həmin  dövrdə , əlbəttə  səsin saxlanılması  deyil , onun  başqa  bir  mexanizm  tərəfindən  yenidən  tələffüz  edilməsi ixtiraçıları  xeyli  düşündürmüşdür .
          XIII  əsrdə  Almaniyada  müasirlərinin  Böyük  Albert  adlandırdıqları  istedadlı mexanik  qraf  Albert  Bolştadski  « mexaniki  qadın » düzəltmişdi .Bu  sadə  mexanizm  idi . Həmin  ixtiradan  sonra  insan  səsinin  mexaniki  tələffüzü  və onun  qeyd  edilməsi  üçün alimlər  müxtəlif  tədqiqatlar  aparmışlar.  Artiq  1589 – cu  ildə  fizik  Port  belə  nəticəyə gəlir ki, səs  izsiz  itmir  və  onu  saxlamaq  mümkündür .
          1779 – cu  ildə  Rusiya  Elmlər  Akademiyası  səsin  mexaniki  yolla  tədqiqinə  aid müsabiqə  elan  edir .  Müsabiqədə  Peterburq  akademiyasının  akademiki  Krotsenşteyn 1-ci  dərəcəli  mükafat  alır.  O , bir  neçə  tərpənməyən  ağac  hissələrindən  insan  ağzı formasında  fiqur  düzəltmiş  və  onun  içərisinə  dil  kimi  borucuq  qoymuşdu. Bu  cihaz səsli  hərfləri  asanlıqla  tələffüz   edirdi.  Həmin  il  Avstriya  alimi  V. Gemplenin  ixtira  etdiyi mexanizm  isə  iki  mürəkkəb  sözü  tələffüz    edə  bilmişdi. Səsin  tələffüzü  əldə edildikdən sonra  onun  saxlanılması  üçün  çoxlu  təklif  irəli  sürülür. 1807 – ci  ildə  fizik  T. Yunq  ilk dəfə  olaraq  səsin  izlərini  kağız  üzərinə  qeyd  edir.  Lakin  bu  hələ  səs  yazılışı  olmayıb sadəcə onun  titrəməsi  idi.
         1830 – cu  ildə  alman  tədqiqatçısı  Vilhelm  Veber  kamertonun  ayağına  iynə bağlayır  və  onun  şüşə  lövhəyə  toxundurur.  Lövhə  üzərində  müəyyən  izlər  alınır,  lakin səs  çıxmır.
         10  ildən  sonra  fransız  Dyuqamel  şüşə  lövhələr  əvəzinə  iti  ucluqlara  metal  silindr bərkidir  və  metal  fırlandıqca  onun  üzərində  dairəvi  cızıqlar  əmələ  gəlir.  Kamerton səsləndikcə  onun  vibrasiyası  (səs  titrəyicisi)   iynənin  ucuna  verilir  və  səs  eşidilir. Lakin bu  səs  aydın  başa  düşülmür.
         Dyuqamel  öz  ixtirasını  vibrosion  adlandırmışdır. 1857 – ci  ildə  bu  ixtiradan  ingilis   alimi  Leon  Skot  hava  titrəməsini  yazmaqda  istifadə  etmişdir . O , kamertonun  əvəzinə silindirin  qarşısına  çəllək  formasında  bir  qab  qoyur.  Adam  danışanda  çəlləyin  boş tərəfinə  öz  səsini  verir, çəlləyin  dibində  olan  folqaya  ( rəngli  metaldan  nazik  təbəqə )   səs  təsir  etdikcə  titrəməyə  başlayır.  Folqa  silkələndikcə  iynə  silindr  üzərində  hava titrəməsini  qeyd  edirdi .
        Əvvəlki ixtiralar kimi L.Skotun « fonoavtoqraf »  adlandırdığı  bu  yeni  aparat  da  səs titrəməsini  qeyd  edir,  lakin  tələffüz  etmir 
         Nəhayət,  səsin  dəqiq  yazılması  və  onun  yenidən  eşitdirilməsi  Amerika  ixtiraçısı Tomas  Alva  Edisona   ( 1847 – 1931 )   nəsib  olmuşdur .
         1877 – ci  ilin  dekabrı ...Tomos  Alva  Edison  düzəltdiyi  aparatın  qarşısında   «Meri və  onun  kiçik  quzusu» adlı  uşaq  şeirini  söyləyir.   Bir  dəqiqədən  sonra  ixtiraçının köməkçiləri  heyrətlə  aparatın  həmin  şeiri  anlaşılmaz  şəkildə  təkrar  etdiyini  eşidirlər .
         Cəmiyyətin   mədəni  həyatının  canlı  xronikası  olan  səsyazma  belə  yaranır .
         1877 – ci  ildə  T.A. Edisonun  ixtira  etdiyi  cihaz  ilk  baxışda  çox  sadə  görünürdü . Edison  vintin  üzərinə  latın  silindr  bərkidir  və  folqanı  onun  üstünə  qoyur .  Silindrin yuxarı  hissəsinə  isə  polad  iynəli  membran  bərkidir.  İxtiraçı  silindiri  fırlatdıqca  iynə folqanın  üzərində   nazik  səs  xətləri  cızırdı .  Bu ,  yüz  illərlə  axtarılan  səsin  izləri  idi . Silindr  sürətlə fırlanır  və  dünyada  ilk  dəfə  olaraq  insan  səsini  « tutub  saxlayırdı » . İynə  səs  xətləri  üzərində  hərəkət  etdikcə  membranı  silkələyir   və  o  , silindirə  yazılmış səsi  təkrar  edirdi .  T. A. Edisonun  fonoqraf  adlandırdığı  bu  ixtirası  dünyada  ilk   səsyazan  aparat  olmuşdur .
         Fonoqraf  1878 – ci  il  martın  24 – də   Fransa  Akademiyasının  xüsusi  iclasında nümayiş  etdirildi  və  patentlər  bürosunun  böyük  heyrətinə  səbəb  oldu. Lakin  Avropada bu  « danışan  maşın »ı  heç  də  yaxşı  qarşılamadılar .  Akademik  Jan  Bulo  qışqıraraq iclas  iştirakçılarına  demişdi  : «İcazə  vermək  olmaz  ki, canlı  insanın  səsi  cansız dəmirlə əvəz  edilsin» .
         Rusiyada  fonoqraf  almış  bir  nəfəri  « mexaniki  vəhşini »  nümayiş  etdirdiyi  üçün üç ay  həbsxanada  saxlamışlar.  Sonralar  bu  aparatı  « təbiətin  izah  olunmaz  tapmacası »   kimi  sirklərdə  göstərməyə  başlayırlar .    
          T.A. Edisonun  ilk  fonoqrafı  indi  London  muzeyinin  nadir  eksponatlarındandır .
1885 -  ci  ildə  Amerikanın  başqa  bir  ixtiraçısı  Çarlz  Taynter  ( 1854 – 1940 )  yeni «Danışan  maşın – qrammofonu»  ixtira  etmişdir . Bu  cihaz  T.A. Edisonun  aparatından konstruksiyasının  sadəliyi  ilə  fərqlənirdi. Xarici  görünüşcə  o, bıçaqlı  tikiş  maşınına oxşayırdı .  Ç. Taynter  qrammafonda  səs  yazmaq  üçün  nazik  metal  təbəqənin  əvəzinə mumdan  istifadə  etmişdir . Mumun  üzərində  iynə  sərbəst  surətdə  hərəkət  edir  və ardınca  nazik  izlər  buraxırdı .  Lakin  Ç. Taynter   yaratdığı  bu  aparatı  qrammafona oxşatmağa  çalışsada  bu  hələ  əsl  qrammafondan  çox  uzaq  idi .
          Nəhayət   1988 – ci  ildə  alman  ixtiraçısı  Emil Berliner Edisonun ixtirasını təkmilləşdirdi  və  səsyazma  aparatları  tarixinə  qrammafon  adlı  yeni  bir  maşın  əlavə etdi .  Bütün  əvvəlki  ixtiralardan  fərqli  olaraq  E. Berlinerin  aparatında  hər  cür  val oxudulurdu . Bu  qrammafon   müxtəlif  ölkələrdə  geniş  yayılır  və  fonoqrafı  tamamilə əvəz edir .  E. Berliner  tərəfindən  səsin  surəti  yazılmış  ilk  val  hazırda Vaşinqtonda, Milli muzeydə  saxlanılır. E. Berliner  1897– ci  ildə  Consonun  birləşmiş  emalatxanasında (Kemben şəhərində)   dünyada  birinci  val  fabriki  açır .  Bu  fabrikdə  vallar  birüzlü yazılırdı , ikiüzlü  isə  1909 – cu  ildən  istehsal  etməyə  başlamışlar .     
          Lakin, ixtira olunan bu cihazlar ( Fonoqraf , Qrammofon ,  Okstafon   və s .) səsyazma tarixində əsl  möcüzə olmalarına  baxmayaraq  çatışmazlıqlar  da  az  deyildi.  Mexanizmi çox  mürəkkəb  idi, valoxudan iynə  keyfiyyətsiz  metaldan  düzəldilirdi, çəkisi  çox  ağır  idi , baha  olduğundan  hər  kəs  ala  bilmirdi  və s ) .
          Çox  keçmədən  (1907 – ci ildə) Fransada  Pete  qardaşları  özlərinin  qrammofon   valları  fabrikini  açırlar  və  Avropa  bazarlarını  , o  cümlədən  Rusiya  İmperiyasının bazarlarını  qrammofon  valları  ilə  təmin  etməkdən  ötrü  geniş  fəaliyyətə  başlayırlar . Pete  qardaşlarının  fabrikində  istehsal  olunan val-lar    öz   qeyri – adiliyinə    görə    xeyli   fərqlənirdi  .   Beləki ,  « Qrammofon » , « Ekstrafon » , « Sport – Rekord » və  başqa qrammofon  valları  şirkətlərinin buraxdığı  vallar   adəti  üzrə  iynənin  valın  kənarından mərkəzinə  doğru  hərəkət  etdirməklə  qulaq  asmaq  olur .
Yeri  gəlmişkən  qeyd  edək  ki , həmin  şirkətin  buraxdığı  vallarda  25 – i Respublika Dövlət   Səs   Yazıları  Arxivinin  « Qızıl  fond »unda   mühafizə  edilir. Bu vallar 1908–1910 – cu illərdə  Azərbaycanın  klassik  muğam  ustalarından  Cabbar  Qarryağdı  oğlunun , Keçəçioğlu  Məhəmmədin
(Xəlilov), Məşədi  Məmməd  Fərzəliyevin  və  başqalarının  ifaları  yazılmış birüzlü  və ikiüzlü «Qiqant»  vallarıdır .
         Belə  valları  Qrammofon  və  digər  aparatlarda    oxutdurmaq  məsləhət  görülmürdü . Çünki ,  qeyd  etdiyimiz  kimi   bu  valların  oxutdurma  tərzi fərqli idi  və  səs  cığırları korlana  bilərdi.  Digər  tərəfdən  Qrammofonun  iynəsi  valın  kənarından  mərkəzinə  doğru hərəkət  edirdi ...
          Buna görə  də elə həmin ildə ( 1907 )  Qrammofonun  təkmilləşdirilmiş yeni forması olan  Petefon ( Patefon )  Pete  qardaşlarının  sənaye  firmasında  yaradılmış, onların şərəfinə  Petefon  adlandırılmışdı .
         Petefon çox yüngül  və rahat  olduğundan  bir  yerdən  başqa  yerə  daşımaq  rahat idi, həmdə  sadə  mexanizmə  malik  və  qiyməti  ucuz  olduğundan  geniş  yayılmışdır . Petefonda digər səsyazma şirkətlərin də  vallarını  oxutmaq  mümkün idi. Çünki, onun mebranın  iynəsinin  ucuna  kiçik  diyircək  bərkidilirdi ki, bu da  başqa  iynələr  kimi  birbaşa valın  səs  cığırlarına  toxunmurdu .
          Qrammofonun  ürəyi  hesab  edilən  membran  səsin  verilməsi  və  tələffüzündə həlledici  rol  oynayır.  İlk  membranlar  sadə  və  birdiafraqmalı  olmuşdur  ki, bu  da  səsin keyfiyyətini  olduğu  kimi  səsləndirmirdi. Rusiya  konstruktoru  Adikayevski  1917 – ci  ildə ikidiafraqmalı  membran  düzəltdi .  Bu  membran  səslənmənin  keyfiyyətinin  xeyli yüksəlməsinə  səbəb  olur . Bundan  sonra  dünya  qrammofon  sənayesi  500 -ə  yaxın membran  növündən  ancaq  Adikayevskinin  ixtirasından  istifadə  etməyə  başlamışdır .
          XX əsrin əvvəllərində səsin  yazılışında  səsi  qəbul  edən  ruporu  elektriklə  işləyən mikrafon əvəz  etdi. 1930 – cu  ildən  başlayaraq  sovet  vallarının   etiketləri  üzərində «elektrozapis»  sözləri  meydana  çıxdı . 
          Bizim  zəmanəmizdə  qrammafonu  əvəz  etmiş  və  məişətdə  yüksək  mövqe  tutan maqnitafonun  ilk  nümunəsi  XIX  əsrin  axırlarında  meydana  çıxmışdır. Maqnitli səsyazmanı  1898-ci  ildə  Danimarka  alimi  V. Paulsen  ixtira  etmişdir. O , səs  yazmaq üçün ilk dəfə olaraq polad  məftillərdən  istifadə  edir .  Paulsen  həmin  məftillərdən , indiki maqnitafonların  sələfi  hesab  edilən  teleqrafon  düzəltmişdir . Teleqrafon  səsi  qəbul  edir, gücləndirir  və  yenidən  tələffüz  edirdi. Burada  səsin  keyfiyyəti  Edisonun  fonoqrafının səsindəın  o  qədər  də  fərqlənmirdi. Bəzi yerlərdə bu aparatdan «diktafon» adı ilə stenoqrafiyada  istifadə  edirdilər .
         1920 – ci  ildən  etibarən  Paulsenin  ixtirasından  Amerika  donanmasında  elektrik gücləndiricisinin  köməyi  ilə  radio  verilişlərini  vermək  üçün  istifadə  etməyə  başlayırlar . Həmin  ixtira  təkmilləşdirilərək   maqnitafon  adı  ilə  əvvəlcə  Amerikada , sonra  isə Almaniya  və  İngiltərədə  yayılır.   Lakin  xalq  hələ  ondan  məişətdə  kütləvi  surətdə istifadə  edə  bilmirdi .  Ona  görə  ki, lentlər  polad  məftillərdən  ibarət  olduğu  üçün  çox ağır  idi   və çətin  tapılırdı . Alman  alimi Pafleymer  bu  çətinliyi  aradan  qaldırır.  O , polad məftilləri  maqnitlənmiş  nazik  lentlərlə  əvəz  edir  və  səsi  həmin  lentlərə  yazır.  Lent dolanmış  vallar ( kasetlər )  çox  surətlə  fırlandığından (saniyədə  76  santimetr)  10 dəqiqəlik  səs  qulaq  asmaq  üçün  500   metr  lent  tələb  olunurdu. 1940 – cı  ildə  Amerika mühəndisi  Karmos  valların  fırlanma  sürətini  tənzimlədi (saniyədə 19 santimetr) və bundan  sonra  maqnitafonun  geniş  istehsalına  başlandı.
         Səsyazma  işi  sahəsində  uzun  müddət  ərzində  meydana  çıxan  müxtəlif  ixtiralar getdikcə  təkmilləşmiş , nəticədə  tarixi  sənədər  sırasında  daha  canlı  yer  tutan  və böyük elmi – tədqiqat  əhəmiyyəti  olan  səslərin, sonralar  video  yazılarının  da  mühafizəsi mümkün  olmuşdur .
                                                    

Hiç yorum yok:

Yorum Gönder