14 Kasım 2017 Salı

İlk dəfə ocaq qalayan, ox və yayı kəşf edən və itlə ov edən kimlər olub?

loading...
        Azıx mağarasında aparılan qazıntılar nəticəsində aşkar olunanan və yaşı təqribən 300-700 min ilə bərabər olan ocaq izləri indiyə qədər bütün dünyada tapılan ən qdim ocaq izidir. Bu fakt ölkəmizin dünyada süni yolla od əldə edərək, onu uzun müddət yanar vəziyyətdə saxlamaq texnologiyasının ilk dəfə kəşf və tətbiq edildiyi ərazi olduğunu söyləməyə əsas verir. Bu da təbiidir. Çünki Azərbaycan ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıxdığı yeganə ərazidir. Bu baxımdan Balaxanı kəndi yaxınlığındakı Yanardağ və Astara rayonundakı yanan bulaq deyilənlərə ən gözəl misaldır. Təsadüfi deyil ki, qonşularımız ən qədim zamanlardan Azərbaycanı “Odlar yurdu” adlandırmışlar. Maraqlıdır ki, təmiz türk sözü olan “ocaq” kəlməsi bu gün heç bir dəyişikliyə məruz qalmadan və ya cüzi dəyişikliklə qonşu xalqların dilində də işlənməkdədir. Bu baxımdan rus, erməni, gürcü, tat, ləzgi, avar, tabasaran, lak, fars, dargin və sairə dilləri misal gətirmək olar. Bu isə onu göstərir ki, qonşu xalqlar ocaq qalamaq və onu yanar vəziyyətdə saxlamaq texnologiyasını məhz bizim ulu babalarımızdan əxz etmiş və bu texnologiya ilə birlikdə “ocaq” kəlməsi də onların dilinə keçmişdir. Deyilənləri qonşu xalqların, eləcə də qədim yunanların əfsanələri də sübut etməkdədir. Qədim yunan şairi və dramaturqu Esxil özünün məşhur “Zəncirlənmiş Prometey” əsərində minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək,
odun tanrılardan oğurlanaraq insanlara təslim edildiyi yer kimi İskitlər, yəni türklər ölkəsi və Qafqazın adını çəkir. Bu, insanların odla ilk tanışlıq yerinin Qafqazdakı türklər ölkəsinin olduğu deməkdir. Esxil sözügedən əsərin ən başında Hakimiyyət və Qüdrətin dili ilə deyir:   “Bir uzaq guşəsinə gəlib yetişdik yerin, Boş, tənha çöllərinə yırtıcı iskitlərin. Atanın buyruğuna itaət eyləyərək, Bu yaramaz canini öz əllərinlə gərək Mıxlayasan qayaya, Hefest, budur vəzifən;   Ona bir zindan yarat zəncir həlqələrindən. O sənin çiçək kimi açılan atəşini, Şəfəqləri dörd yana saçılan atəşini, Oğurlayıb aparmış, vermişdir insanlara...”   Prometey odu Azərbaycandan oğurlayıb...   Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası insanların odla tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır. Qədim yunanların isə türk-ləri “iskit”adlandırdıqları məlumdur. Əsərin başqa yerində də hadisənin məhz İs-kitlər, yəni türklər ölkəsində baş verdiyi qeyd edilir. Bu dəfə bu, Prometeyin öz dilindən söylənir:   “Bir an dinclik bilməyən sonsuz ləpələriylə Başdan - başa dolaşan yeri elədən - belə. Ey atamız Okeanın və çox uşaqlı Tifin Gənc nəsli, yaxın gəlin, vəhşi gəzən iskitin Yurdu olan bu yerdə, bu yüksək qayalarda Zəncirlərlə bağlanıb qalmışam necə darda.”   Filoloq alim Minəxanım Təkləli mövzu ilə bağlı yazır ki, türk mənşəli bu sözün leksik - semantik inkişafı çox maraqlıdır. Şübhəsiz, sözün ilkin mənası od // ot kökü ilə bağlıdır. Ancaq sonrakı inkişaf mərhələlərində bu söz artıq genişlənərək "ev, ailə, nəsil, ərazi, mərkəz" və b.k. mənalar qazanmışdır. Hətta bu mənaların bəzisi yazılı abidələrimizdə də müşahidə edilməkdədir: Ocağa bunca avrat gəlməsin; ocağını söyündürün, - deyü söyləşdilər. (KDQ 1,V boy). Ocaq sözündəki məna inkişafı ona gətirib çıxarmışdır ki, istər rus dilində, istərsə də Azərbaycan dilində "mərkəz, ərazi, mənbə" və s. mənalar (sağlamlıq ocaqları, mədəniyyət ocaqları, müharibə ocağı və s. ifadələrindəki mənalar) qazanmışdır. Söz rus dili ilə yanaşı erməni və İran dillərinə də keçmişdir. Dmitriyev Radlova istinad edərək sözün türk dillərində "qorn, yama dlya oqnya, dom, ubejişe, familiya, korpus yanıçar" mənalarını ifadə etdiyini göstərirdi.   Ox və yay da Azərbaycanda ixtira edilib...   Tanınmış rus alimi Formozov Böyükdaşın Mezolit, yəni Orta Daş dövrü qaya təsvirlərini, başqa sözlə petroqliflərini tədqiq edərkən iki mədəni təbəqə kəşf etmişdir: 1-ci mədəni təbəqə ilk Mezolit dövrünü - eramızdan əvvəl Xll - X minillikləri, 2-ci mədəni təbəqə isə son Mezolit dövrünü - eramızdan əvvəl X - Vlll minillikləri əhatə edir. 1-ci təbəqə gizləncəklər - ov müqəvvaları, kürəklərində kaman, əllərində daş bıçaq olan ucaboylu ovçuların gen dəri şalvarda və qısa önlükdə qazılmış siluet təsvirləri aşkar edilmişdir. Qeyd edilməlidir ki, bəzi təsvirlər hər iki mədəni təbəqə üçün səciyyəvidir. Belə qaya təsvirlərinə misal olaraq kollektiv şəkildə rəqs edənlərin və gizləncəklərin siluet rəsmlərini göstərmək olar. İkinci təbəqədə ovçuların kiçik və sxematik rəsmləri, ovçuların itlə ov etməsi, tur, at və qabanların kontur xətli təsvirləri aşkar edilmişdir. Tanınmış arxeoloq Rəşid Göyüşov bildirir ki, Azərbaycan ərazisində 10 - 12 min əvvəl qədim Daş dövrü orta Daş dövrü ilə, yəni Mezolit dövrü ilə əvəz olunur. Mezolit abidələrində təsadüf olunan çox kiçik ölçülü, mikrolit adlanan daş alətlərin ilkin variantları hələ Paleolitin son inkişaf mərhələsinin axırlarında təşəkkül tapmış, Mezolit dövründə isə mükəmməl formaya salınmışdır. Mezolit dövründə insanların əmək fəaliyyətində, dünya görüşündə, ətraf aləmə münasibətində dəyişikliklər baş verir, qədim insanların ən mühüm ixtiralarından biri olan ox və yay meydana gəlir. Şübhəsiz, ox və yayın kəşfi insanların min illər boyu əldə etdikləri bir çox vərdişlər sayəsində, müxtəlif texniki üsullara bələd olmaları nəticəsində mümkün olmuşdur.   İtlə ilk ov edən də bizimkilər olub...   Başqa bir tanınmış arxeoloq Hidayət Cəfərovun yazdığına görə, ox və yayın kəşfi ilə ovçuluq sahəsində əsaslı dəyişiklik yarandı və heyvanları uzaq məsafədən ovlamaq mümkünləşdi. Bununla daha çox ərzaq ehtiyatı əldə etməyə nail olan insanlar eyni zamanda heyvanları əhliləşdirməyə başlayırlar. İlk vaxtlar heyvanları yem ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai heyvandarlığın əsası qoyulur. Əlbəttə, bu heyvanları hələ ev heyvanları hesab etmək olmazdı. Vəhşi heyvanların əhliləşdirilməsi, heyvandarlığın təşəkkülü və inkişafı çox uzun və mürəkkəb yol keçmişdir. Lakin heyvanların bir qisminin ehtiyat üçün saxlanması və bu işin vərdiş halına keçməsi obyektif surətdə ibtidai maldarlığın bünövrəsini qoymuşdur. Mezolit dövründə ibtidai maldarlıqla yanaşı, ilkin əkinçilik vərdişləri də təşəkkül tapmışdır. Ət ehtiyatının artması ərzağa olan tələbatı ödədiyindən yabanı bitki toxumlarının bir hissəsinin ehtiyat üçün saxlanmasına şərait yaratmış, bu isə öz növbəsində ibtidai əkinçiliyin təşəkkülünə səbəb olmuşdur. Hələ qədim Daş dövründə, daha dəqiq desək, 300-700 min il öncə süni od qalamaq və onu uzun müddət yanar vəziyyətdə saxlamaq texnologiyasının kəşf edildiyi ilk ərazi olan Azərbaycan ərazisinin ox və yayın ilk dəfə kəşf edildiyi, itin ilk dəfə əhliləşdirildiyi və ondan ov zamanı ilk dəfə isyifadə edildiy məkan olduğunu Qobustanın Mezolit dövrünə aid petroqlifləri sübut edir. Bəs, görəsən, bəşər tarixində böyük sıçrayışa səbəb olan bu misilsiz kəşfləri etmiş xalq kim olmuşdur, hansı dildə danışmışdır? Bu suala cavab tapmağa bizə Qobustanın qədim Firuz yaşayış məskənindən tapılan, yaşı təqribən 12 min il olan Mezolit dövrü insanlarının skletləri yardımçı olur. Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı bildirir ki, Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki - coğrafi şəraitinin mürəkkəbliyi və bu mürəkkəbliyin ayrı - ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleoantropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır. Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis - daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə, Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir. Bəxtiyar Tuncay

Hiç yorum yok:

Yorum Gönder