2 Haziran 2018 Cumartesi

İxtirası ilə NASA kosmik gəmilərini zəhərli qazlardan xilas edən azərbaycanlı kimyaçı

loading...
DOSYE - Muradov Nazim Qazax rayonunda anadan olub. Orta təhsilini tamamladıqdan sonra Bakıda Azərbaycan Dövlət Neft və Kimya institutunun (indiki ADNSU) Kimya texnologiyaları fakültəsində təhsil alaraq, kimyaçı mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Ali təhsildən sonrakı 15 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda işləyib.

 Namizədlik və doktorluq dissertasiyalarını Moskvada, SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda müdafiə edib. Fiziki kimya üzrə elmlər doktoru alimlik dərəcəsini qazanıb. Elmi fəaliyyət sahəsi geniş olub - katalizin fundamental analizindən başlayaraq, ta irihəcmli bioistilik texnologiya qurğularının qurulmasına qədər.

 ABŞ-a gedən yol

 Alim 1990-cı ildən ABŞ-da yaşayır və işləyir. Həmin vaxt Azərbaycan hələ SSRİ-nin tərkibində idi. 1989-cu ildə Mayami Biçdə (Florida ştatı) Enerji və Ətraf mühitlə bağlı beynəlxalq konfrans keçirilib. Həmin konfransda Günəş enerjisindən istifadə nəticəsində hidrogeninin alınması haqqındakı məruzə ilə diqqəti çəkən alim az sonra Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzində işləməklə bağlı dəvət alır. Dəvəti qəbul edən Nazim Muradov artıq 27 ildir ki, həmin təşkilatda çalışır,  hidrogen energetikası üzrə qrup rəhbəridir.

İxtiralar, kəşflər və uğurlar

50 patentləşdirilmiş ixtiranın müəllifi və həmmüəliflərindəndir. İxtiralar əsasən dövrün ən prioritet mövzularından sayılan “Alternativ yanacaq” və ətraf mühitin təmizlənməsi ilə bağlıdır. Məsələn, dəniz səthinin neftdən təmizlənməsini, çirkli zavod tullantılarının zərərsizləşdirilməsi üçün Günəş enerjisindən istifadəni, dəniz suyundan hidrogen yanacağının, yaxud kənd təsərrüfatı tullantılarından bioyanacağın alınması metodları və s. Bəzi patentlər ABŞ və Yaponiya şirkətləri tərəfindən lisenziyalaşdırılıb.

Nazim Muradov və NASA

Nazim Muradovun rəhbərlik etdiyi alimlər qrupu NASA  kosmik proqram çərçivəsində hidrogeninin alınması və istifadə olunması ilə bağlı bir sıra elmi-araşdırma layihələri üzrə mühüm nailiyyətlər əldə edib. Məsələn, qrupun iştirakı ilə kiçik hidrogen (hidrogendən ABŞ kosmik proqramında geniş şəkildə istifadə olunur) sızıntılarının aşkarlanması üçün yeni sensor hazırlanıb.  Məlumdur ki, NASA kosmik proqramının həyata keçirilməsində hidrogen əsas yanacaq hesab olunur. Öz-özlüyündə təhlükəsiz, iysiz və dadsız hidrogen qazının sızıntısı çox böyük partlayışlara, dağıntıya səbəb ola bilir. Əgər sızıntı vaxtında aşkarlanmasa, nəticə faciəvi ola bilər. Xüsusilə əgər sızıntı kosmik gəminin qapalı məkanında baş verərsə. Mövcud elektron qurğular bu məsələdə işə yaramır. Çünki onlar özü də qığılcım mənbəyi olar və partlayış baş verə bilər. Sözügedən  hidrogen sensoru elektrikdən istifadə etmir və olduqca etibarlıdır. “Shuttle” kosmik gəmisinin havaya buraxılması zamanı uğurla sınaqdan keçirilən qurğuya görə Nazim Muradova və rəhbərlik etdiyi qrupun üzvlərinə  prestijli beynəlxalq “R&D100” mükafatı təqdim edilib. Bu mükafat il ərzində 100 ən yaxşı texnoloji kəşfə görə verilir və bəzən "İxtiraçıların Oskarı" adlandırılır. Hətta  bu texnologiya NASA tərəfindən “İlin ən yaxşı kommersiya texnologiyası” nominasiyası üzrə də birinci olub.

 Nazim Muradov hazırda ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən elmi layihənin, həmçinin Qətərın Aparıcı Elmi Araşdırmalar Fondu tərəfindən maliyyələşdirilən sudan hidrogenin alınması üzrə layihənin elmi rəhbəridir.

 Azərbaycanlı alim dəfələrlə Tokio, Amsterdam, Madrid universitetlərində, həmçinin ARAMKO (Səudiyyə Ərəbistanı) şirkətində mühazirələr oxumaq üçün dəvətlər alıb.

 Professor Nazim Muradov ABŞ-nın Central Florida universitetində 20 ildən çoxdur ki, çalışan alimin bu gün də doğma Bakı ilə münasibətlərini qoruyub saxlayır.

O, ötən il Bakıda keçirilən “Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası” konfransında plenar məruzə ilə çıxış etmiş və xüsusi mükafata layiq görülüb. Görüşdə alimlər gələcək elmi araşdırmalarda daha sıx əməkdaşlıq edəcəklərini bildirdilər. 

Böyük azərbaycanlı kimyaçı, hazırda AMEA-nın Yusif Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda çalışan akademik Musa Rüstəmovun yetirməsidir.
Mənbə: http://azedu.az

Hiç yorum yok:

Yorum Gönder