16 Aralık 2018 Pazar

Azərbaycanda ilk mətbəələr

loading...
Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdı. Daha sonra, 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardı. Çətinliklə olsa da, görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək “Əkinçi” qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə, milli mətbuatımızın əsası qoyuldu.

Azərbaycan mətbuatı üçün “Əkinçi”nin ayağı yüngül oldu. Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc etdirirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar.

XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə qardaşlarının (Səid, Cəlal, Kamal) böyük rolu olmuşdur.
Səid Ünsizadə 1879-cu ildə
Tiflisdə “Ziya” qəzetini nəşr etməyə başlamışdır. Sonralar mətbəəsini Şamaxıya köçürmüş və bu qəzetlə yanaşı, dini kitabların çapı ilə də məşğul olmuşdur. S. Ünsizadə özü din xadimi olduğundan risalələr yazmış, mətbəəsindən də islam ideyalarının təbliği üçün istifadə etmişdir.

“Ziya” ilə bir vaxtda Səid əfəndinin qardaşı Cəlal Ünsizadə “Kəşkül” qəzetini, sonralar eyniadlı jurnalı buraxmışdır. C.Ünsizadə öz dünyəvi baxışları ilə qardaşından seçilirdi. O, bir sıra rus və Ukrayna yazıçıları, ... S.Ə.Şirvani, F.Köçərli kimi Azərbaycan ziyalıları ilə əməkdaşlıq edirdi. Bu da onun mütərəqqi baxışlarının formalaşmasında müəyyən rol oynamışdı. “Kəşkül”ün səһifələrində çap etdiyi dünya ədəbiyyatı nümunələrinin bir neçəsini Cəlal əfəndi öz mətbəəsində ayrıca kitab şəklində buraxmışdı.
XX əsrin əvvəllərində senzuranın zəifləməsi ilə əlaqədar Bakıda mətbuat daha sürətlə inkişaf etməyə başladı. Bu illərdə Bakıda xeyli sayda qəzet və jurnal çıxırdı. Qəzet və məcmuələrdən əlavə, mətbəələrdə kiçik tirajlarla olsa da, Azərbaycan yazıçılarının əsərləri kitab şəklində çap edilib yayılırdı.

Cəlil Məmmədquluzadə öz dostu Ömər Faiq Nemanzadə ilə birlikdə 1905-ci ildə “Şərqi-Rus” qəzetinin mətbəəsini aldı. Həmin vaxtdan “Qeyrət” adı altında fəaliyyət göstərən bu mətbəə az keçmədən iriһəcmli nəşrlərin – elmi-kütləvi və bədii ədəbiyyatın, dərsliklərin çapına başladı. Mətbəədə işıq üzü görən ilk kitablardan biri C.Məmmədquluza dənin “Poçt qutusu” idi. Ədibin redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalı da bir neçə il bu mətbəədə çap olunmuşdu.
XX əsrin əvvəllərində Azərbaycanda ən böyük və məşhur nəşriyyat Orucov qardaşlarının nəşriyyat-mətbəəsi idi.

Oruc, Qənbər və Abuzər Orucov qardaşları Bərdənin Alpout kəndində doğulmuş, Tiflisdə, Gəncədə və Rusiyada yüksək təһsil almışdılar. Rus, ərəb və fars dillərini mükəmməl bilmələri onların sonralar һəm də jurnalist, tənqidçi, tərcüməçi və redaktor kimi işləmələrinə imkan vermişdi.

Ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə etdikləri vəsait һesabına qardaşlar Almaniyadan yeni çap ləvazimatı və mətbəə avadanlığı alaraq Bakıya gətirmiş, o dövr üçün kifayət qədər güclü və müasir mətbəə qurmuşdular. Bu, Bakıda elektrik enerjisi ilə işləyən ilk mətbəə idi. Mətbəə Tağıyevin açdığı və һimayə etdiyi Qız məktəbinin binasında yerləşirdi. Yer kirayəsi kimi Orucov qardaşları hər il məktəbi bitirən məzunlara nəfis nəşr olunmuş “Qurani-Kərim” kitabı hədiyyə edirdilər.
Nəşriyyat buraxdığı kitabların dövri mətbuatda reklamına da xüsusi diqqət yetirir, vaxtaşırı qəzetlərdə һəmin kitablar һaqqında kiçik elanlar yerləşdirirdi.
Beləliklə, Orucov qardaşları, sözün əsl mənasında, nəşriyyat biznesini müasir səviyyədə qurmuş iş adamları idilər. Onlar bir çox qəzet və jurnalların naşiri kimi çıxış edirdilər.

Orucov qardaşları Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq müəlliflərə qonorar verməyə başladılar. Məsələn, böyük yazıçımız Sabirə hər gün yazdığı taziyanələri üçün ayda on manat qonorar verirdilər.
Dünya və rus ədəbiyyatından tərcümə olunmuş kitablar da nəşriyyatın iş planında müһüm yer tuturdu. Orucov qardaşları bir çox görkəmli yazarların əsərlərini Azərbaycan oxucularına təqdim etmişdilər.
Orucov qardaşlarının mətbəəsi oxucular arasında kitabların təbliği məqsədi ilə vaxtaşırı müxtəlif kitab kataloqları da buraxırdı. Bu kataloqlarda nəşr olunmuş kitablar saһələr üzrə qruplaşdırılırdı. Onların qısa biblioqrafik göstəriciləri və annotasiya ilə siyaһısı dərc edilirdi.
                           
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən qardaşlar könüllü olaraq öz mətbəələrini müstəqil dövlətin ixtiyarına vermişdilər. Lakin bolşevik-kommunist rejimi hakimiyyətə gəldikdən sonra Orucov qardaşlarının mətbəəsi “milliləşdirmə” adı altında əllərindən alındı.

Sovet hakimiyyəti dövründə Orucov qardaşları təqiblərə məruz qalaraq Bərdəyə, öz doğma kəndlərinə qayıtdılar. Lakin burada da təqibdən yaxa qurtara bilməyən Qənbər və Abuzər 30-cu illərdə dünyalarını dəyişdilər. Böyük qardaş Oruc isə 1954-cü ildə Bərdədə vəfat etmişdir.

Hiç yorum yok:

Yorum Gönder