14 Aralık 2018 Cuma

Qorbaçovu ayağa qalxmağa məcbur edən azərbaycanlı alim - KİMDİR?

loading...
        Qarakənd faciəsindən 27 il ötdü. Vertolyotun partladılması nəticəsində dünyasını dəyişənlərdən biri də o zaman dövlət katibi vəzifəsində çalışan alim Tofiq İsmayılov idi. İctimai-siyasi arenada öz qətiyyəti ilə seçilən alim həm də elm sahəsinə böyük işlər görüb.


O, 1985-ci ildə Kosmik Tədqiqatları Elm İstehsalat Birliyini təsis edib və baş direktoru olub. Lakin SSRİ məkanında o daha çox bir epizoda görə tanınıb. Belə ki, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ  Xalq Deputatlarının qurultayında T. İsmayılov tribunaya qalxaraq 20  yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur oldu.


Eurasia Diary AzEdu.az-a istinadən alimin yaxın dostu olmuş professor Rafiq Əliyevin xatirələrini oxuculara çatdırır:

“Mən onu unikal bir insan kimi xarakterizə edərdim. Elm, insanlıq şəxsiyyət baxımından çox unikal  bir insan idi. Bunların hamısı onda vəhdət təşkil etmişdi. Onun həm elmi yaradıcılığı güclü idi, həm də çox yaxşı təşkilatçılığı var idi. Alimlər adətən iki cür olur:  onlarda ya elmi güc çox olur,  ya da elmi güc zəif,  amma təşkilatçılığı yüksək olur. Tofiq İsmayılovda isə bunların hər ikisi vəhdətdə idi. Buna görə də tək Azərbaycanda deyil, bütünlükdə SSRİ-də yaradılan bir-iki kosmik tədqiqat institutunun  yaradıcılarından biri və ilk direktoru Tofiq İsmayılov oldu. Onun ağlına, yaradıcılıq və elmi potensialına görə çevrəsi  tez bir zamanda böyüdü.  Yaratdığı məhsullar kosmik obyektlərdə tədqiq olunurdu. İkinci məqam isə çox böyük təşkilatçılığı ilə bağlıdır. Onun başçılığı ilə çox geniş bir kosmik tədqiqatlar birliyi yarandı. Onu da deyim ki, Tofiq İsmayılovun əsas bacarıqlarından biri də elmi təhsillə eyni zamanda  birləşdirmək idi. Neft Akademiyasının rektoru Tofiq Əliyev, o və mənim çox böyük dostluğumuz var idi. Həm insani,  həm də peşə dostluğumuz çox möhkəm idi.
1989-cu ildə mən indi kənarlaşdırıldığım kafedranı  yaradanda Tofiq İsmayılov öz köməyini təklif etdi. Dedim ki, təşəkkür edirəm. İki otaq bizə hədiyyə etdi. Biri mənim ofis otağım,  o  biri də dərs keçmək üçün böyük bir auditoriya idi. Sözümü onun insaniliyinə gətirirəm. Burda təkcə dostluq məsələsi deyildi. Həm də o  bu yolla elmlə təhsilin vəhdətini yaratmaq istəyirdi. Hərdən də ya onun özü,  ya da işçiləri gəlib bizim kafedrada görüşlər keçirərdilər.  Amma böyük əfsuslarla qeyd edirəm ki, bineyi-qədimdə həmişə dəyərləri vurmaq istəyiblər. Peyğəmbərə daş atan insan  harda işıq görürsə onu qapatmağa çalışır. Tofiq İsmayılova elmi tədqiqat üçün akademiyada yer verdilər. Amma sonra onun adının üstünə daş itələdilər və onu akademiyaya qoymadılar.  Daş itələyənlərdən biri  bunu müəyyən vaxtdan sonra özü mənə etiraf elədi. Görünür vicdanı oyanmışdı. İndi görəsən, sizin bu yazını oxuyanda o dünyasını düşünəcək ya yox? Öz ixtisası üzrə o yazığı akademiyaya qoymadılar. Tofiq həm də o biri  tərəfdən çox cəsarətli ictimai-siyasi xadim idi. Həmişə nəbzi el-oba, millət ilə döyünən bir şəxsiyyət idi. Ayrı şeyləri demirəm, onun Qorbaçovla olan mükaliməsini xatırlasaq bəsdir. O həmişə öz eli-obası üçün canını qurban verməyə hazır olan insan idi. Necə ki,  bunu da etdi. İnsan gərək özü üçün yaşamasın tarix üçün yaşasın... Tofiq müəllim də tarix  üçün yaşayan insanlardandı.
Baş  katib seçiləndə ona  zəng vurub təbrik elədim. Çox təkid elədi ki, zəngləşək görüşək. Amma... çox təəssüflər olsun ki, görüşmək qismət olmadı. Tofiq İsmayılov gözləmədiyimiz bir vaxtda məlum hadisədə dünyasını dəyişdi”. 

Hiç yorum yok:

Yorum Gönder